82 küçənin işıqlandırma xətləri yenilənib - BŞİH

10:51 13.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərində küçələrin işıqlandırılması ilə əlaqədar son vaxtlarda aidiyyəti qurumlar tərəfindən bir sıra işlər həyata keçirilib.

Bu barədə hafta.az-a Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov bildirib.

Onun sözlərinə görə, təsdiq edilən qrafikə uyğun olaraq paytaxt ərazisində tamamilə işıqlanma sistemi olmayan yollar sıfırdan işıqlandırılır: "Yeni kabel xətləri çəkilir və yeni işıq dirəkləri quraşdırılır. Belə ki, əgər 2018-ci ildə Bakı şəhəri üzrə işıqlandırılan küçələrin sayı 1216 idisə, 5 il ərzində bu rəqəm artaraq 2466 olub. Təkcə keçən ilin sonundan başlanan küçə işıqlandırılması işləri çərçivəsində nəzərdə tutulan yeni layihəyə əsasən, 548 küçədən 320-də artıq işlər başa çatdırılaraq istismara qəbul edilib, digər küçələrdə bu işlər davam etdirilir. Yeni çəkilən küçə işıqlandırılması ilə paralel olaraq istismar müddəti başa çatmış mövcud 82 küçənin işıqlandırma xətləri və elektrik dirəkləri yeni, müasir sistemlərlə əvəz edilib. Görülən işlər mərkəzlə yanaşı qəsəbələri də əhatə edir".


O qeyd edib ki, yeni quraşdırılan işıq dirəkləri led lampalarla təchiz edilib, bu işıqlar ənənəvi lampalardan 50 faiz qənaətçildir: "Bundan əlavə bu işıqların servis xidmətinə elə də tez-tez ehtiyac duyulmur, çünki onların ömrü kifayət qədər çoxdur. Digər üstünlüklərdən biri də ondan ibarətdir ki, bu işıqlar vahid idarəetmə sistemə qoşulur".